Ana Səhifə
Bizimlə əlaqə
Dua Kitabında Axtarış
Şəkillərin müəlliflik hüququ
Youtube-da bizə abunə olun

 


 


Sayt Haqqında

Allahın ayələrindən sənə yetişənləri, ey Mənim bəndəm, Ona yaxın kəslərin avazı ilə oxu, qoy nəğmələrinin şirinliyi sənin öz qəlbini alışdırsın və bütün insanların ürəyini cəzb etsin. Bir kəs Allahın nazil etdiyi ayələri öz evində tənhalıqda belə oxusa, Qüdrətlinin gəzərgi mələkləri onun dodaqlarının söylədiyi sözlərin ətrini hər yana yayar və bununla da bütün mömin könüllər yerindən oynar. O, əvvəlcə onların təsirindən bixəbər ola bilər, lakin ona inayət edilmiş mərhəmətin gücü gec-tez onun ruhuna öz təsirini göstərər. İlahi Vəhyin sirləri qüdrət və hikmət Məşriqi olan Kəsin İradəsi ilə belə müəyyən olunmuşdur.

 

Azeri Dua veb saytı bütün dünya azərbaycanlılarını öz ana dillərində dua oxumağa şövqləndirmək və təşviq etmək üçün yaradılmışdır. Azərbaycanlılar, ümümiyyətlə, öz mədəni dəyərlərini, muğamlarını, poeziya və rəssamlıq sənətlərini, folklor və müasir musiqilərini, etnik və milli sənətkarlıq sahələrini, mətbəxlərini, Qobustan qaya rəsmlərinin tarixinə gedib çıxan tarixi yaddaşlarını dərinləşdirməyə və genişləndirməyə can atırlar. Dua və meditasiyanın insanın mənəvi və mədəni həyatına, onun dərin motivasiyalarına təsirini nəzərə alaraq, Azeri Dua veb saytının məqsədi bizim geniş mədəni mirasımızdan faydalanan azərbaycanlıların çeşidli mədəni irsinə “öz ana dillərində” dua oxumağı və meditasiyanı da əlavə etməklə bu sahədə mövcud olan boşluğu doldurmaqdır.

Fərdi ibadət, meditasiya, dua, namaz və oruc, insanla onun öz Yaradanı arasında ən yüksək formada qurulmuş ruhani bağ, həqiqətən də, hər bir insan varlığının məqsədidir. Zərdüşt peyğəmbərdən tutmuş bu günə qədər bu müqəddəs Odlar Yurdunda Allahdan nazil olmuş bütün müqəddəs Yazılarda müjdə eyni olmuşdur: “Biz Allahı tanımaq və Ona sitayiş etmək üçün yaradılmışıq.” Bütün gün ərzində bizim hərəkətlərimiz, bizim davranışımız və əxlağımız bu ikili məqsədə xidmət etməlidir: Allahı tanımaq və Ona ibadət etmək. Bizim böyük və zəngin tariximiz göstərir ki, bizim babalarımızın Allahdan gələn Sözləri xoşluqla qəbul etmələri bizim üçün necə bir hidayət işığıdır. Həzrət Zərdüşt bizə gözəl fikir, gözəl söz və gözəl əməlin vacibliyini öyrətdi. Həzrət Musa bizə Allahın Qanununun gövdəsini gətirdi və bizim hamımız onu xoşluqla qəbul etdik. Həzrət İsa bizə sevgi müjdəsi gətirdi, biz onu da sevə-sevə qəbul etdik. Həzrət Məhəmməd isə bizi birləşdirdi, bizə möhkəm ümmət ləyaqəti aşıladı. Həzrət Bab yeni günün, yeni dövrün başlanması barədə bizi müjdələdi və Həzrət Bəhaullah bizə öyrətdi ki, irqindən, dinindən, milliyyətindən, cinsindən və dərisinin rəngindən asılı olmayaraq bütün insanlıq vahiddir, bu dünyanın bərabər vətəndaşlarıdır və bir insan cəmiyyətinin üzvləridir.

İstər Almaniyada, Kanadada, Birləşmiş Ştatlarda və ya İranda yaşasınlar, bu gün bütün dünyadakı azərbaycanlılar Allaha öz ana dillərində sitayiş etmək haqqına sahibdirlər. Bizim öz Yaradanımızla söhbət etmək, öz tənhalığımızda Ona yalvarmaq, Ona birbaşa sevgimizi ifadə etmək, heç kəsin vasitəçiliyi olmadan və bizim əvəzimizdən heç kəsin dua oxumasına ehtiyac duymadan Ona sığınmaq imkanımız var. Bizim mədəniyyətimiz çox zəngin, insanlarımız çox təhsilli, uşaqlarımız çox biliklidir, millətimiz isə dünyada ən intellektual cəmiyyətlərdə özünə layiqli yer tutmaq üçün kifayət qədər irəli getmişdir. İndi zamanıdır ki, biz Allahımıza öz ana dilimizdə dua oxumaqla sitayiş edək.

Öyrənmə prosesini sürətləndirmək üçün, Azeri Dua meditasiya etmək məqsədilə bir sakitlik hissi yaratmaq üçün bir neçə musiqili videoçaxlar hazırlamışdır. Duanın sözlərinin oxunması, onu öyrənməyə və əzbərləməyə şövq yaradır. İnsanlığın bu dönəmində hər kəsin özü sərbəst olaraq, öz ana dilində, başqasının müdaxiləsi olmadan dua oxumaq məsuliyyəti vardır.

Azeri Duanın fəaliyyəti 2013-cü ildə bir qrup sədaqətli azərbaycanlı tərəfindən başladılmışdır ki, onlar Azərbaycan mədəniyyətinin hərarətinin və incəliyinin bütün dünya üzrə yayılması qayğısına qalırlar. Bu sayt yeddi nəfərdən ibarət qrup tərəfindən Kanadanın Montreal şəhərindən idarə olunur. Məqsəd Azərbaycan dilində danışan, vətənindən uzaqda yaşayan və dünya azərbaycanlılarına yetişməkdir. Bu Veb saytın fəaliyyətinin mərkəzində maarifləndirmə məqsədi dayanır, çünki biz inanırıq ki, uşaqlar yeniyetmələr və gənclər Allahın Sözünü oxuyanda bu onların ürəklərində yer edəcək, onların hərəkətləri dəyişəcək, onlar daha yaxşı uşaq, daha yaxşı insan, daha yaxşı həyat yoldaşı, valideyn və əlbəttə daha yaxşı vətəndaş olacaqlar.

Azeri Dua saytında dərc olunan İlahi Sözlər Bəhai Yazılarından götürülmüş və Azərbaycan Milli Ruhani Məhfili tərəfindən 2013-cü ildə tərcümə edilmişdir. Bu məcmuə ailə həyatı, uşaqlar, gənclər, ruhani inkişaf, insanlıq, sağlamlıq, və.s mövzularda müxtəlif hallar üçün 200-ə yaxın duadan tərtib olunmuşdur. Hər bir bölmə əsas səhifədən müxtəlif səhifələrə bağlanmışdır ki, hər bir səhifə də konkret duaların siyahısını və onlara müvafiq videoları göstərir. Saytın istifadəçiləri və qonaqları duaların mətnlərini və videolarını endirə və istifadə edə bilərlər.

Bu saytdakı qartal şəkli isə Allahın Sözünün gücünü, ucalığını və əzəmətini təmsil edir. Amma qartalın azərbaycanlıların ürəyində xüsusi yeri vardır. Yühənnanın şərhində qartal mələklərdən biridir: "...mələklər dörd canlı varlıq – qartal, buğa, şir və insan şəklində təsvir olunur. Qartal oxuyur, şir nərildəyir, buğa fəryad edir, insan danışır."

Əgər siz özünüz üçün Bəhai dua kitabı əldə etmək istəsəniz, bu kitablar Bakıda Milli Bəhai Mərkəzində satılır, siz onları oradan əldə edə bilərsiniz. (Bakı Bəhai Mərkəzi, Ağadadaş Qurbanıv küçəsi, 6/44 Nizami metrosunun yaxınlığında). Kitabın elektron versiyası, həmçinin, Azərbaycan Bəhai Kitabxanasından pulsuz endirilə bilər.

Azeri Dua saytını ziyarət etdiyinizi üçün Sizə minnətdarıq, Ümid edirik ki, saytımızla tanışlıqdan məmnun qaldınız və yenə ziyarət edəcəksiniz.

–Azeri Dua Qrupu

Copyright www.AzeriDua.com | Bütün Hüquqlar Qorunur