Müəyyən Bir Münasibətlə Oxunan Dualar

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


Həzrət Bəhaullahın və
Həzrət Babın
Ziyarətnaməsi

 

Bu Lövh Həzrət Bəhaullahın və Həzrət Babın Məqamlarında, habelə Onların süud ildönümlərində istifadə olunur.

Otərif ki, Sənin ən uca Zatından doğdu və o nur ki, Sənin ən cəlallı Camalından parladı, Sənin üzərinə olsun, Sən Ey əzəmət Məzhəri və əbədiyyət Sultanı, göydə və yerdə olanların Rəbbi. Mən şəhadət verirəm ki, Sənin vasitənlə Allahın səltənəti və Onun hökmranlığı, Allahın böyüklüyü və Onun əzəməti aşkar oldu, qədim cəlalın Günəşi öz şüalarını Sənin dəyişməz əmrinin səmasına saçdı və Gözəgörünməzin Camalı xilqətin üfüqündə parladı. Daha sonra şəhadət verirəm ki, Qələminin tək bir hərəkəti ilə Sənin "Ol" əmrin yerinə yetdi, Allahın gizli Sirri açıldı, bütün varlıqlar yaranmağa başladı və bütün Vəhylər nazil oldu.

Bundan başqa şəhadət verirəm ki, Sənin camalınla Pərəstiş Olunanın camalı göründü, Sənin üzünlə Məqsudun üzü parladı və ona şəhadət verirəm ki, Sənin tərəfindən gələn bir kəlmə ilə Sən bütün məxluqat arasında qərar verirsən, Sənə sədaqətli olanları şərəf zirvəsinə ucaldırsan, inanmayanları isə uçurumun dibinə salırsan.

Mən şəhadət verirəm ki, hər kəs ki, Səni tanıdı, o, Allahı tanıdı və hər kəs ki, Sənin hüzuruna yetişdi, Allahın hüzuruna yetişdi. Ona görə də, xoş o kəsin halına ki, Sənə və Sənin əlamətlərinə iman gətirdi, Sənin hökmranlığına baş əydi, Səninlə görüşmək şərəfinə nail oldu, Sənin razılığını əldə etdi, Sənin dövrənə dolandı və Sənin taxtının önündə dayandı. Vay o kəsin halına ki, Sənə qarşı günah etdi, Səni dandı, Sənin əlamətlərini inkar etdi, Səni hökmranlığına qarşı çıxdı, Sənin əleyhinə qalxdı və Sənin üzünün qarşısında lovğalandı, Sənin dəlillərinlə mübahisə etdi, Sənin hökmranlığından və qüdrətindən qaçdı və Sənin əmr barmaqlarınla Sənin Müqəddəs Lövhlərində imansızlar sırasına yazıldı.

Sonra, Ey mənim Allahım və mənim Məhbubum, Öz mərhəmətinin və inayətinin sağ əlindən Öz lütflərinin müqəddəs nəsimini mənim üstümə əsdir ki, onlar məni öz nəfsimdən və bu dünyadan ayırıb Sənin yaxınlıq dərgahına və Sənin Hüzuruna cəzb etsin. Sən istədiyini etməyə Qadirsən. Sən, həqiqətən, hər şeyin üzərində hakimsən.

Allahın zikri və Onun tərifi, Allahın Cəlalı və Onun nuru Sənin üzərinə olsun, Sən Ey Allahın Camalı! Mən şəhadət verirəm ki, məxluqatın gözü Sənin kimi Məzlum görməyib. Sən bütün ömrün boyu bəlalar dəryasında qərq olmusan. Bir zaman Sən zəncir və qandal altında idin; başqa bir vaxt düşmənlərinin qılıncları Səni təhdid edirdi. Bununla belə, Alim və Hikmət Sahibi Allahın Sənə buyurduqlarını bütün insanlara çatdırdın ki, onlara əməl etsinlər.

Ruhum Sənin çəkdiyin məzlumiyyətlərə fəda olsun və canım Sənin məruz qaldığın bəlaların qurbanı olsun. Səninlə və Sənin üzünün nuru ilə üzləri işıqlanan və Sənə məhəbbət naminə onlara əmr olunanları yerinə yetirən kəslərlə Allaha and verirəm ki, Səninlə Sənin yaratdıqların arasında maneə yaradan pərdələri aradan qaldırsın və mənə bu dünyanın və o biri dünyanın nemətini versin. Sən, həqiqətən, Qüdrətli, Ən Uca, Ən Cəlallı, həmişə Bağışlayan və Ən Şəfqətlisən.

Ey mənim Rəbbim Allah, İlahi Sidrəyə, onun yarpaqlarına, budaqlarına, pöhrələrinə, onun gövdələrinə və onun qol-budaqlarına, Sənin ən yüksək adların durduqca və Sənin ən uca sifətlərin qaldıqca xeyir-dua ver. Sonra onu, təcavüzkarın şərindən və zülmün qoşunlarından hifz eylə. Sən, həqiqətən, Qüdrətli və ən Qüvvətlisən. Ey mənim Rəbbim Allah, Sənin hüzuruna yetişən bəndələrinə və kənizlərinə də xeyir-dua ver. Sən, həqiqətən, Kəramət Sahibisən ki, fəzli sonsuzdur. Səndən başqa Allah yoxdur, Sən həmişə Bağışlayan və Ən Səxavətlisən.

-Bəhaullah

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur