Müəyyən Bir Münasibətlə Oxunan Dualar

Əhməd Lövhü
Müqəddəs Dənizçi lövhü

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


Atəş Lövhü

 

Ən Qədim, Ən Böyük Allahın Adı ilə!

Həqiqətən, sadiqlərin ürəkləri hicran odunda yandı: Haradadır Sənin liqanın parıltısı, Ey aləmlərin Məhbubu?

Sənə yaxın olanlar tənhalıq zülmətində qaldılar: Haradadır Sənin vüsal səhərinin şəfəqləri, Ey aləmlərin Məqsudu?

Seçilmiş bəndələrinin cəsədləri uzaq torpaqlar üstündə çırpındı: Haradadır Sənin Hüzurunun dəryası, Ey aləmlərin Heyranedən?

Həsrət əlləri Sənin fəzl və səxavət səmana uzanıb: Haradadır Sənin kərəm yağışların, Ey aləmlərin dualarına Cavabverən?

Müşriklər hər tərəfdən zülmkarlıqla qalxıblar: Haradadır Sənin təqdir qələminin yenilməz qüdrəti, Ey aləmlərin Fatehi?

Köpəklərin hürüşü hər tərəfdən ucaldı: Haradadır Sənin qüdrət meşənin aslanı, Ey aləmlərin Cəzaverəni?

Soyuqluq bütün insanlığı bürüyüb: Haradadır Sənin məhəbbətinin hərarəti, Ey aləmlərin Atəşi?

Bəla son həddə çatıb: Haradadır Sənin köməyinin nişanələri, Ey aləmlərin Nicatı?

Bəşərin çoxunu zülmət bürüyüb: Haradadır Sənin şölənin parıltısı, Ey aləmlərin Ziyası?

Boyunlar nifaqla uzanıb: Haradadır Sənin intiqam qılıncların, Ey aləmlərin Qənimi?

Zillət son həddə çatıb: Haradadır Sənin izzət nişanələrin, Ey aləmlərin İzzəti?

Sənin Rəhman adının Məzhərini hüzn tutub: Haradadır Sənin Zühur Məşriqinin sevinci, Ey aləmlərin Fərəhi?

İztirab yer üzü insanlarını bürüyüb: Haradadır Sənin şadlıq bayraqların, Ey aləmlərin Sevinci?

Görürsən, nişanələrinin Məşriqi pis niyyətli təlqinlərlə pərdələnib: Haradadır Sənin Qüdrət barmaqların, Ey aləmlərin İqtidarı?

Susuzluq iztirabı bütün aləm əhlini üzüb: Haradadır Sənin inayət çeşmələrin, Ey aləmlərin Mərhəməti?

Hərislik bütün bəşəri əsir edib: Haradadır Sənin inqita təcəssümlərin, Ey aləmlərin Mövlası?

Görürsən, bu Məzlum sürgündə yalqız qalıb: Haradadır Sənin əmr səmanın orduları, Ey aləmlərin Hökmdarı?

Qürbət diyarda tərk edilib, tənha qalmışam: Haradadır Sənin vəfa nişanələrin, Ey aləmlərin Vəfası?

Aləm əhlini ölüm əzabı bürüdü: Haradadır Sənin dirilik dənizinin damlaları, Ey aləmlərin Həyatı?

Şeytan vəsvəsələri bütün yaranmışları əhatə edib: Haradadır Sənin atəşinin şahabı, Ey aləmlərin Nuru ?

Aləm əhlinin çoxu nəfsi-həva məstliyindən korlanıb: Haradadır Sənin saflıq məşriqlərin, Ey aləmlərin Məqsudu?

Görürsən, bu Məzlum Şam əhlinin arasında zülmət pərdəsi içindədir: Haradadır Sənin Sübh şəfəqlərinin parıltısı, Ey aləmlərin İşığı?

Görürüsən, Mənə söz söyləməyi qadağan ediblər: Bəs onda haradan çağlayacaq Sənin nəğmələrin, Ey aləmlərin Bülbülü?

Xalqın çoxunu şəkk-şübhə və boş xəyallar pərdələyib: Haradadır Sənin yəqinlik məşriqlərin, Ey aləmlərin Yəqinliyi?

Bəha bəla dənizində qərq olur: Haradadır Sənin xilas gəmin, Ey aləmlərin Xilaskarı?

Görürsən, Sənin bəyan Məşriqin aləmin zülmətindədir: Haradadır Sənin fəzl səmanın günəşi, Ey aləmləri Aydınladan?

Doğruluq və saflıq, sədaqət və şərəf çıraqları söndürülüb: Haradadır Sənin qisas qəzəbinin nişanələri, Ey aləmləri Hərəkətə Gətirən?

Bir kəsi görürsənmi ki, Səni müdafiə etsin, ya Sənin məhəbbətin yolunda Onun başına gələnlər barədə düşünsün? Burda Mənim qələmim dayanır, Ey aləmlərin Məhbubu.

Sidrətül-Müntəhanın budaqları qəzavü-qədər tufanlarından sınıb: Haradadır Sənin imdad bayraqların, Ey aləmlərin Müdafiəçisi?

Bu Üz iftira tozları ilə örtülüb: Haradadır Sənin şəfqət nəsimlərin, Ey aləmlərin Şəfqəti?

Müqəddəslik ətəyi hiylə əhlinin əlindən ləkələnib: Haradadır Sənin paklıq zinətin, Ey aləmləri Bəzəyən?

Fəzl dənizi insanların törətdiklərindən sükut edib: Haradadır Sənin kəramət dalğaların, Ey aləmlərin Muradı?

Liqa qapısı Sənin düşmənlərinin zülmündən bağlanıb: Haradadır Sənin comərdlik açarın, Ey aləmlərin Fəttahı?

Nifaqın zəhərli küləyindən yarpaqlar saralıb: Haradadır Sənin kəramət buludunun yağışı, Ey aləmlərin Ətaedəni?

Günah tozundan bütün aləm qaralıb: Haradadır Sənin əfv nəsimlərin, Ey aləmləri Bağışlayan?

Bu Gənc biyabanda tək-tənha qalıb: Haradadır Sənin fəzl səmanın yağışı, Ey aləmlərin Pənahı?

Ey Ulu Qələm, Sənin şirin nidanı əbədi Cəbərutda eşitdik: Qulaq ver, gör əzəmət Dili nə söyləyir, Ey aləmlərin Məzlumu.

Əgər soyuq olmasaydı, Sənin bəyanının hərarəti necə zəfər çalardı, Ey aləmlərin Şərhedəni.

Əgər bəlalar olmasaydı, Sənin səbr günəşin necə parlaya bilərdi, Ey aləmlərin İşığı.

Ah-nalə etmə, şər adamlara görə. Sən dözmək və tab gətirmək üçün yaranmısan, Ey aləmlərin Səbri.

Necə şirin idi, nifaq əhli arasında Sənin Misaq üfüqündən parlamağın və Sənin Allaha iştiyaqın, Ey aləmlərin Eşqi.

Sənin vasitənlə istiqlal bayrağı ən yüksək zirvədə sancıldı və fəzl dənizi Səninlə təlatümə gəldi, Ey aləmlərin Valehi.

Sənin yalqızlığınla Tovhid Günəşi çıxdı və Sənin qəribliyinlə Birlik torpağı zinətləndi, Ey aləmlərin Qəribi.

Biz zilləti izzət köynəyi və bəlanı Sənin heykəlinə zinət etmişik, Ey aləmlərin Fəxri.

Görürsən, qəlblər nifrətlə dolub, Sən göz yum, Ey aləmlərin günahına göz Yuman.

Qılınclar parlayanda, irəli çıx! Oxlar süzəndə, sinəni ver! Sən Ey aləmlərin Fədası.

Sənmi ağlayırsan, yoxsa Mən! Xeyr, Sənin tərəfdarlarının azlığından Mən ağlaram, Ey aləmləri Ağladan.

Həqiqətən, eşitdim Sənin nidanı, Ey Əbhanın Məhbubu; və indi Bəhanın üzü dərd-bəlaların hərarətindən və Sənin nurani kəlmələrinin atəşindən alovlanır və fəda meydanında O, Sənin razılığından ötrü vəfa ilə qalxdı, Ey aləmlərin Hökmedəni.

Ey Əli-Əkbər! Bu lövhə görə öz Rəbbinə şükr eylə ki, Mənim məzlumiyyətimin ətrini ondan duyasan və aləmlərin Məbudu Allahın yolunda Bizim başımıza gələnlərdən agah olasan.

Əgər bütün bəndələr bu lövhü oxusalar və üzərində düşünsələr, onların damarlarında elə atəş yanar ki, aləmləri oda qalayar.

-Bəhaullah

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur