Müəyyən Bir Münasibətlə Oxunan Dualar

Ana Səhifə
Sayt haqqında
Dua Kitabında Axtarış
Youtube-da bizə abunə olun

Azərbaycan Ənənəvi Bəhai İcması


Şəhidlər və
Onların Ailələri

 

Odur Allah! Ya Rəbb mənim Allahım! Sən Ey Sənə üz tutan zəiflərin Köməyi, fəqirlərin Yardımçısı, çarəsizlərin Nicatı!

Sonsuz mütiliklə mən yalvaran əllərimi sızıltı ilə Sənin gözəllik səltənətinə doğru açaraq və hal dili ilə hərarətlə Sənə yalvarıram: Ey Allah, mənim Allahım! Kömək et mənə, Sənə sitayiş edim; qurşağımı bərkit ki, Sənə xidmət edim; öz fəzlinlə Sənə bəndəlikdə mənə yardım eylə; lütf eylə, Sənə itaətdə səbatlı olum; kəramətinin bol yağmurlarını üstümə yağdır; məni öz inayət nəzərində saxla və əfv dənizinə qərq eylə. Lütf eylə ki, Sənin Dininə sədaqətim möhkəm olsun və mənə yəqinlik və əminliyin bol payını bəxş eylə ki, mən dünyadan tamam üzülüm, üzümü tam sədaqətlə Sənin üzünə tutum, dəlil və sübutların qəti gücü ilə qüvvətlənim, əzəmət və qüdrətə malik olmaqla göyün və yerin hüdudlarını aşım. Həqiqətən, Sən Mərhəmətlisən, Ən Cəlallı, Mehriban, Şəfqətlisən.

Ya Rəbb! Bunlar şəhidlərin, o mübarək ruhların sağ qalan varisləridir. Onlar hər cür bəlalara sinə gərdilər, ağır zülmlər qarşısında səbr göstərdilər. Onlar bütün rahatlıq və rifahı tərk etdilər, könüllü olaraq Sənin məhəbbətin yolunda şiddətli əzab və məşəqqətlərə məruz qaldılar və indi də zalım düşmənlərinin caynağında əsir qalıblar, bu düşmənlər onlara davamlı olaraq ağır işgəncə verir və Sənin doğru yolunda dönmədən irəlilədikləri üçün onlara zülm edirlər. Bir kimsə yoxdur ki, onlara kömək etsin, bir kəs yoxdur ki, onların dostu olsun. Rəzil və şər adamlardan başqa bir kimsə yoxdur ki, onlarla ünsiyyət və yoldaşlıq etsin.

Ya Rəbb! Bu ruhlar bu yer həyatında böyük acılar dadıblar və Sənin üzünün parlaq gözəlliyinə məhəbbətlərinin bir əlaməti olaraq və Sənin səmavi səltənətinə yetişmək şövqü ilə, zülm əhlinin hər cür həqarətinə dözüblər.

Ya Rəbb! Onların qulaqlarını ilahi yardım və yaxın qələbə səsləri ilə doldur, qəddar güc sahiblərinin zülmündən onları qurtar. İmansızların əllərini saxla, bu ruhları vəhşi yırtıcıların caynaqlarında və dişlərində parçalanmağa qoyma, çünki onlar Sənə olan məhəbbətlərinin əsiridirlər, Sənin müqəddəsliyinin sirlərinə vaqif olublar, Sənin qapında itaətlə durublar və Sənin uca dərgahına yetişiblər.

Ya Rəbb! Onları yeni ruhla qüvvətləndir; gecənin qaranlığında Sənin ecazkar dəlillərini görmək üçün onların gözlərini işıqlandır; Sənin əbədiyyət sirləri Səltənətindəki bol xeyirləri onlara qismət eylə; onları bütün diyarlarda parlaq ulduzlar və meyvəli, qollu-budaqlı, səhər yelləri ilə titrəşən büsatlı ağaclar eylə.

Həqiqətən, Sən Kəramətlisən, Qüdrətlisən, hər şeyə Qadirsən, İxtiyar Sahibisən. Səndən başqa Allah yoxdur, məhəbbət və inayət Allahı, Ən Cəlallı, Həmişə Bağışlayan Allah.

-Əbdül-Bəha Abbas

Copyright www.AzeriDua.com Bütün Hüquqlar Qorunur